SİYASƏT


Elçin Mirzəbəyli: Azərbaycan-Rusiya münasibətləri ortaq maraqlar və yaxın qonşuluq prinsipləri əsasında inkişaf edir

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalılıq, ortaq maraqlar və yaxın qonşuluq prinsipləri əsasında inkişaf edir və hər iki ölkənin mənafeyinə cavab verir. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyini, siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bir daha təsdiqlədi.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspertin sözlərinə görə, şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərin inkişafına zəmin yaradan amillərdən biri və bəlkə də birincisi Azərbaycan və Rusiya prezidentləri arasındakı etimad və dövlət başçılarının geosiyasi proseslərə ortaq baxış bucağına malik olmalarıdır. Bu amil dövlət başçılarının görüşündə də özünü büruzə verdi. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycan-Rusiya əməkdaşlığında yeni və daha mühüm bir mərhələnin başlandığından xəbər verir.

E.Mirzəbəyli qeyd edib ki, bu mərhələ hər iki ölkənin maraqlarına cavab verən yeni iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi ilə müşayiət oluna bilər. Hər iki ölkənin iqtisadi potensialı Cənubi Qafqazın və daha geniş subregionun təhlükəsiz, xarici müdaxilələrə qapalı və daim inkişafda olan bir regiona çevrilməsi üçün bütün lazımi çağırışlara cavab verir.

“Azərbaycan və Rusiya prezidentlərinin görüşündə səslənən fikirlər hər iki ölkə liderinin 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqeyə sahib olduqlarını nümayiş etdirdi. Açıq şəkildə ifadə olundu ki, razılaşmada yer alan bütün prinsiplər, o cümlədən bütün kommunikasiyaların, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan müddəalar icra olunmalıdır. Bu yanaşma, eyni zamanda, 10 noyabr Bəyanatının icrasına, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı bir sıra hazırlıq işlərinin yerinə yetirilməsinə və nəzərdə tutulan layihələrin reallaşdırılmasına süni maneə yaratmaq istəyən dairələrə də ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır”, - deyə siyasi ekspert vurğulayıb.

E.Mirzəbəyli bildirib ki, bölgəyə üçüncü qüvvələrin müdaxiləsinə zəmin yaratmaq üçün edilən cəhdlər, həmçinin kommunikasiyalarına açılmasına yaradılan süni əngəllər yolverilməzdir.

“Ermənistan rəhbərliyinin son bir neçə ay ərzində sərgilədiyi mövqe, 10 noyabr Bəyanatının icrasına maneə yaratmaq istiqamətində sərgilədiyi manipulyativ davranışlar regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına qarşıdır və belə addımların qarşısı qətiyyətlə alınacaq”, - deyə siyasi ekspert qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.