SİYASƏT
Elçin Mirzəbəyli: Azərbaycan diasporunun formalaşması prosesinin təməlində Ümummilli Liderin azərbaycançılıq məfkurəsi dayanır
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan diasporunun formalaşması prosesinin təməlində ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və dünya azərbaycanlılarının bu məfkurə ətrafında həmrəyliyinin təmin edilməsi ideyası dayanır. Dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, böyük Azərbaycan mədəniyyətinin, dilinin və mənəvi dəyərlərinin daşıyıcısı olan həmvətənlərimizin bir araya gətirilməsinə xidmət edən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin, 2001-ci il noyabr ayının 9-10-da Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinin də Ümummilli Liderin adı və şəxsiyyəti ilə bağlı olması, şübhəsiz ki, təsadüfi deyil. Hər bir azərbaycanlını vahid Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçası hesab edən strateji zəka sahibi ölkəmizin uğurlu gələcəyini dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin birliyinin, bütövlüyünün təmin edilməsində görürdü.
Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışı və onun həmvətənlərimizə xitabən, “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - deməsi, torpaqlarının 20 faizi işğal edilmiş, məğlubiyyətə uğradılmış, dünyanın ədalətsizliyi ilə üz-üzə qalan Azərbaycan xalqına ünvanlanmış özünəqayıdış, özünəinam çağırışı idi və bu çağırış milyonlarla insanın milli ruhunun yenidən dirçəldilməsində müstəsna rol oynadı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, 2018-ci ildən etibarən, Azərbaycan diasporunun təşkilatlanması prosesi yeni bir mərhələyə qədəm qoydu və dövrün çağırışlarına uyğun olaraq, Prezident İlham Əliyevin 2018-ci il 5 iyul tarixli Fərmanı ilə yaradılan Azərbaycan Diasporuna Dəstək Fondunun yardımı ilə bir sıra mühüm layihələr həyata keçirildi, diaspor quruculuğu və fəaliyyəti mexanizmlərinə olan münasibət müasir tələblərə və bilavasitə ölkəmizin, xalqımız üçün əhəmiyyət kəsb edən proseslərə uyğun bir şəkildə inkişaf etdirildi, öz klassik məzmununu dəyişmədən daha çevik, daha operativ bir forma aldı. Məhz bu siyasət, eyni zamanda, Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətinin uğurla təmin edilməsi, 2020-ci ildə baş verən “Tovuz hadisələri”ndən sonra həmvətənlərimizin, soydaşlarımızın erməni yalanlarına qarşı tarixdə görünməmiş bir müqavimətini, etirazını ortaya qoydu. 44 günlük Vətən müharibəsində dünya azərbaycanlıları vahid bir yumruğa çevrilərək işğalçıya qarşı bütün müstəvilərdə mübarizə apardılar, Ali Baş Komandanın, müzəffər ordumuzun ətrafında birləşdilər, dünyaya Azərbaycan xalqının birliyini, bütövlüyünü nümayiş etdirdilər.
2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin səsləndirdiyi fikirlərin gerçəyə çevrildiyini vurğulayan Elçin Mirzəbəyli deyib: “Ata vəziyyəti yerinə yetirildi, varislik missiyası şərəflə icra olundu, tarixi ədalət bərqərar olundu, azərbaycanlılar təkcə özlərinin deyil, dost və qardaş xalqların qürur mənbəyinə çevrildilər. Dünya Azərbaycanlılarının V Qurultayının Böyük Zəfərimizin rəmzi olan Şuşa şəhərində keçirilməsi azərbaycanlı olmanın qürurunu yaşayanların və bu qüruru bayrağımız kimi yüksəklərdə saxlayanların, böyük məfkurə, qətiyyət və cəsarət sahiblərinin Vətən sevgisinin təntənəsi idi. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz özlərini 30 ilə yaxın davam edən haqsızlığa, ədalətsizliyə, işğala son verən qalib xalqın nümayəndəsi kimi hiss edir, alnıaçıq, başıuca gəzir və qürurla “Mən Azərbaycanlıyam” deyirlər”.