SİYASƏT


Elçin Mirzəbəyli: Ermənistan tarixinin ən acınacaqlı günlərini yaşayır

Bakı, 30 noyabr, AZƏRTAC

Ermənistan öz tarixinin ən acınacaqlı günlərini yaşayır desək, düşünürəm ki, yanılmarıq. Bu günədək paradoksal olsa da, ən müxtəlif vasitələrlə dünyaya təqdim edilən “məzlum”, “yazıq” və eyni zamanda, “məğlubedilməz”, “döyüşkən” erməni obrazının bütün cizgiləri elə dünyanın gözü qarşısında alt-üst olur. Ortalığa isə uzun illərdən bəri torpaqlarına göz qoyduqları bütün xalqlara qarşı nifrət və təcavüzkarlıq üzərində tərbiyə olunan erməni cəmiyyətinin real görüntüləri üzə çıxır. Budur, qorxaq və bu qorxaqlıqdan doğan qaniçənliyin, vandallığın gerçək görüntüləri...

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Elçin Mirzəbəyli deyib ki, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi qondarma ideallar üzərində formalaşmış, başqalarının kölgəsində həyata keçirilmiş işğalın, etnik təmizləmənin, heyvani vəhşiliyin saxta özgüvənini alt-üst edir, uzun illərdən bəri erməni cəmiyyətində kök salmış ziddiyyətləri üzə çıxarır. Təsəvvür edin, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində addım-addım, səbirlə, inadla, çoxsaylı təzyiqlərə baxmayaraq, öz torpaqlarının azad edilməsinə hazırlaşıb, ədalətsiz, bütün aspektlərdən qeyri-bərabər müharibənin fəsadlarını aradan qaldırmaq üçün mübarizə aparıb, liderinin ətrafında yumruq kimi birləşərək strateji hədəflərinə doğru addımlayıb. Amma özgələrin hərtərəfli dəstəyi hesabına Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanın cəmiyyəti 44 günlük bir zamanın sınağından belə çıxa bilmədi və bu hərtərəfli çöküş prosesi davam etməkdədir. Bütün bunlar sübuta yetirir ki, Azərbaycan xalqı yetkin, formalaşmış, dövlətçilik ənənələri olan bir xalqdır, ermənilər isə hələ də tayfa psixologiyasından xilas ola bilməyiblər.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, bu gün Ermənistan cəmiyyətində baş verənlər bu ölkədə kütləvi psixozun yaşandığından xəbər verir. Qondarma ideyalar, miflər dağılıb, yenisini isə yaratmaq mümkün deyil. Bu baxımdan da qarşıdurmaların bundan sonra da dərinləşəcəyi qənaətindəyəm. Proses sübuta yetirir ki, ermənilərin öz daxilində vahid toplum, vahid xalq anlayışı formalaşmayıb. Hətta mental baxımdan belə ayrı-ayrı bölgələrin təmsilçiləri, o cümlədən tarixi Azərbaycan torpaqlarında yaşayan ermənilər bir-birindən fərqlənirlər. Bu gün Ermənistan hakimiyyəti bəlkə də son 50 il ərzində dünyanın heç bir ölkəsində rast gəlinməmiş, yalnız amansız diktatura rejimlərinə xas olan bir siyasət həyata keçirir. Fərqli düşünən hər kəs həbsə atılır, təzyiq və təqiblərə məruz qalır. Bütün hüquqlar, o cümlədən söz və ifadə, sərbəst toplaşmaq azadlıqları kobud şəkildə pozulur. Mediaya tətbiq olunan senzura özünü ən sərt şəkildə büruzə verir. Sosial şəbəkələrdə Ermənistandakı real vəziyyətin cüzi bir hissəsi barədə fikir bildirənlər çoxsaylı trol ordusunun təhqir və təhdidlərinə məruz qalır, ölümlə hədələnirlər.

Ekspertin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində baş verən istənilən hadisəyə zərrəbinlə baxan Qərb institutları Ermənistandakı “rəngli inqilab uşaqları”nın misli görünməmiş özbaşınalıqlarına heç bir reaksiya vermir, hakimiyyətin opponentlərinə daha sərt, daha amansız repressiyalarını davam etdirməsinə zəmin yaradırlar. Ölkənin 25 faiz taxılını işğal altında olan Azərbaycan torpaqlarının hesabına əldə edən Ermənistan cəmiyyətində artıq ərzaqla bağlı qıtlığın yaşandığı bildirilir. Erməni siyasətçiləri ölkənin bütün mənalarda dalana dirəndiyini, qaranlıq bir tunelə daxil olduqlarını deyirlər. Azərbaycan Ordusunun məhv etdiyi erməni ariziim-faşizm ideyası iflasa uğramaqla yanaşı, ermənilərin bu bölgədə nə zamansa normal bir cəmiyyət qura biləcəkləri perspektivini də şübhə altına alıb. Bəlli olub ki, nəinki Cənubi Qafqazda, hətta daha geniş bir ərazidə yaşayan xalqlar erməniliyə potensial təhlükə kimi yanaşırlar və Ermənistan hakimiyyətləri bu günə qədər yürütdükləri siyasət nəticəsində öz xalqlarını ən etibarsız, güvəniləsi mümkün olmayan bir toplum halına gətiriblər. Bu baxımdan, Azərbaycan Ordusunun qələbəsi təkcə Ermənistan üçün deyil, bütövlükdə faşizm ideyalarına xidmət edən bütün ermənilik üçün yeni reallıqlar yaradıb. Artıq öz ərazi bütövlüklərini qorumağı hədəf seçən əksər ölkələr ermənilərin kompakt yaşadığı ərazilərə daha həssas, daha ehtiyatla yanaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.