SİYASƏT


Elçin Mirzəbəyli: Nikol Paşinyanın Rusiyaya səfərinin nəticələrini onun növbəti uğursuzluğu kimi qiymətləndirmək olar

Bakı, 29 dekabr, AZƏRTAC

Nikol Paşinyanın Rusiyaya səfərinin nəticələrini onun növbəti uğursuzluğu kimi qiymətləndirmək olar. Ermənistanın baş nazirinin səfərdən dərhal sonra verdiyi açıqlama əslində onun Putinlə görüşünün bütün mahiyyətini ortaya qoyur. Paşinyan deyir ki, Rusiya Prezidenti ilə bir çox önəmli məsələlərin müzakirəsi üçün vaxt olmayıb. Bu isə o deməkdir ki, Vladimir Putin Paşinyanla, onun dediyi kimi “önəmli məsələləri” müzakirə etməyib və yumşaq desək, vaxtını Ermənistanın baş nazirinə ayırmaq istəməyib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, əslində Paşinyanın bu açıqlaması özünə qarşı edilən hörmətsizliyin etirafıdır. Bir ölkənin rəhbərinin digərinə, xüsusilə də qonağa vaxt ayırmaq istəməməsi başqa nə anlama gələ bilər ki? Bu o deməkdir ki, Paşinyana nəinki hökumət başçısı kimi, heç qonaq kimi də hörmət qoymurlar. Başqa bir məsələ isə, Nikol Paşinyanın Ermənistanın Rusiyadan aldığı təbii qazın qiyməti ilə bağlı dedikləridir. Paşinyan yazıq görkəm alaraq qazın qiyməti ilə bağlı razılığın əldə olunmadığını, amma bütün bunlara baxmayaraq, hələ də ümidini itirmədiyini deyir. Bu isə onun nə qədər aciz bir duruma düşdüyünü nümayiş etdirir.

“Səfəri maraqlı edən məqamlardan biri isə Paşinyan Moskvada olduğu zaman Rusiya Prezidentinin onun siyasi rəqibi və hazırda Ermənistanda həbsdə olan Robert Koçaryana təbrik məktubu göndərməsidir. Bundan daha açıq və birmənalı sayğısızlıq, qeyri-ciddi münasibət, aşağılanma daha necə olmalıdır ki? Bütün bunları yekunlaşdırmaq üçün, zənnimcə, təkcə “rədd ol” kəlməsinin deyilməsi qalırdı... Görünür Moskvada hələlik hesab ediblər ki, Paşinyan ona göstərilən münasibətin ifadə etdiyi eyhamı anlamayacaq qədər axmaq deyil”,- deyə Elçin Mirzəbəyli vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.