SİYASƏT
Elçin Mirzəbəyli: Saziş Rusiya informasiya məkanından Azərbaycana qarşı mümkün təhdidlərin bloklanması baxımından çox əhəmiyyətlidir
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan və Rusiya informasiya təhlükəsizliyi sahəsində mövcud təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədilə beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə dair saziş imzalayıblar. Hazırda Ermənistanda və faktiki olaraq separatçıların arasında yaşanan gərginlik, Azərbaycanın və Rusiyanın imzaladığı yeni sazişlə bağlı narazılıqlarını ifadə etməsi bu sənədin nə qədər mühüm əhəmiyyət daşıdığını sübuta yetirir.
Bunu siyasi ekspert Elçin Mirzəbəyli iyunun 24-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”lə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Siyasi ekspert bildirib ki, saziş Azərbaycan ilə Rusiya arasında müttəfiqlik münasibətlərinə dair Bəyannamənin müddəalarına uyğundur: Şübhəsiz ki, bu, çox önəmli sənəddir. Saziş, ilk növbədə, Rusiyadan Azərbaycan məkanına daxil ola biləcək təhdidlərin, eyni zamanda, erməni lobbisinin, erməni diasporunun Azərbaycan əleyhinə fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, sənəddə tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü ilə bağlı məqamlarda vahid mövqedən çıxış etməsi və qarşılıqlı olaraq təhdidlərin qarşısının alınması məsələləri yer alır ki, bu da Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda, separatçılıq təbliğatının alınması istiqamətində mühüm addımlardan biridir”.
E.Mirzəbəyli Sazişin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, Saziş bu günə qədər Azərbaycana qarşı həyata keçirilən yanlış informasiya təbliğatının və təxribat xarakterli addımların qarşısının alınması üçün Rusiya tərəfinin üzərinə də öhdəliklər qoyur. Digər tərəfdən də Azərbaycan yeni Sazişlə terrorçuluğa qarşı mübarizəni gücləndirmək və bu sahədə daha fəal olmaq imkanı əldə edir. Şübhəsiz ki, saziş Azərbaycan-Rusiya münasibətləri ilə bağlı son dövrdə imzalanmış önəmli sənədlərdən biridir.