CƏMİYYƏT
Eldar Əzizov: Bakı Şəhər İcra Hakimiyyəti və digər strukturlar Novruz bayramı ilə bağlı yenilik gətirmək niyyətindədirlər
Bakı, 9 mart, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti və digər strukturlar Novruz bayramı ilə bağlı yenilik gətirmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə müsahibəsində deyib. Bildirib ki, Azərbaycan xalqı Novruz bayramını böyük sevinc və maraqla qarşılayır. Ötən il olduğu kimi, bu il də hər rayon öz tədbirlərini keçirəcək.
Paytaxt səviyyəsində də tədbirlərin təşkil olunacağını deyən E.Əzizov qeyd edib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və digər strukturlar bayram şənlikləri ilə bağlı yenilik gətirmək niyyətindədirlər.
Paytaxtın Sovetski adlanan ərazisi ilə bağlı xüsusi plan hazırlandığını söyləyən şəhər meri artıq bu istiqamətdə mütəxəssislərin işlədiyini və maraqlı təkliflərin hazırlanaraq ictimaiyyətə təqdim olunacağını diqqətə çatdırıb: “Dövlət başçısının tapşırığı ilə Atatürk parkında da tikinti prosesi başlayıb. Aydın olub ki, parkın ortasında borularda sızma var. Hazırda “Azərsu” ASC tərəfindən bu problem həll olunduqdan sonra, işlərimizi davam etdirmək niyyətindəyik”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə bir neçə görkəmli ziyalımıza heykəl qoyulması ilə bağlı məsələyə toxunub. Deyib ki, dövlət başçısı tərəfindən bununla bağlı şəhər icra hakimiyyətinə tapşırıqlar verilib: “Mütəxəssislər təkliflər hazırlayırlar. Azərbaycanda bu məsələlər kollegial qaydada – memarlar və heykəltaraşların iştirakı ilə həll olunur. Proses artıq başlanıb”.