MƏDƏNİYYƏT
Eldar Babazadənin Abşeron xatirələri
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakıdakı Rus evində “Arts Council Azerbaijan” QHT-nin dəstəyi ilə rəssam, yaradıcılığı təkcə Azərbaycanda deyil, eləcə də respublikanın hüdudlarından kənarda yaxşı tanınan Eldar Babazadənin “Abşeron xatirələri” adlı fərdi sərgisinin təntənəli açılışı olub. Eldar Babazadənin əl işləri Rusiya, Türkiyə, İran, Almaniya, İsveçrənin və dünyanın bir çox başqa ölkəsinin nüfuzlu sərgilərində nümayiş etdirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rəssamın fərdi sərgisinin açılışında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Bakı-Azərbaycan Yeparxiyasının nümayəndələri, yaradıcı ziyalılar və başqaları iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Eldar Əhədov rəssamın bəzi rəsmlərinə həsr etdiyi şeirlərini ifa edib.
Qeyd edək ki, rəssamın olduqca özünəməxsus, sirli, qeyri-adi və güclü enerjiyə malik əsərləri Rus evinin sərgi salonunu oktyabrın 28-dək bəzəyəcək.
Arzu edən hər kəs Eldar Babazadənin sərgisini ziyarət edərək əl işləri ilə tanış ola bilər.