ELM VƏ TƏHSİL
Eldar Qocayev: Magistratura səviyyəsində “SABAH” qruplarına qəbul aparılır

Bakı, 8 iyun, AZƏRTAC
Bu il magistratura səviyyəsində “SABAH” qruplarına 14 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev Təhsil TV-də yayımlanan “Təhsil masası”nda deyib.
“Bu proqram ən müasir, xüsusilə texnologiya yönümlü ixtisasları əhatə edir. Süni intellekt, kibertəhlükəsizlik, dayanıqlı şəhərsalma, optimallaşdırma, ehtimal nəzəriyyəsi, əməliyyatların tədqiqi və sistemi, nanohissəciklər, biokimya ilə bağlı dünyanın tələb etdiyi ixtisaslar proqramda yer alır. “SABAH” magistraturası nəinki Azərbaycan, xaricdən tələbələrin cəlbində də nümunəvi proqrama çevriləcək.
“SABAH” magistraturasına qəbul Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan əsasında aparılır. Tələbələr magistraturaya qəbulun ikinci mərhələsində “SABAH” qrupları üzrə getmək istədikləri ixtisası qeyd edirlər. Əks halda adi qruplarda təhsil alacaqlar”, - deyə Eldar Qocayev bildirib.