Elə çəkin ki, adamın ürəyinə toxunsun, inandırıcı kino olsun...
AzerTAg.az

Bakı, 1 avqust (AZƏRTAC, Türkan Abdullayeva). Zaman - zaman özümüzü-özümüzə tanıdıb Azərbaycan kinosu. “Dədə-Qorqud”, “Babək”, “Nəsimi”, “Dəli Kür”, “Fəryad” və neçə-neçə digər ekran əsərlərində bir millətin tarixi, fəlsəfəsi, müdrikliyi, göz yaşı, sevinci boy verir. Azərbaycan kinosunun ən yaxşı nümunələri təkcə necə düşündüyümüzü, kədərimizi, sevincimizi göstərmir, həm də bizi yaşadır. Təsadüfi deyil ki, onlardan çoxunu söz-söz, cümlə-cümlə yaddaşımıza köçürmüşük. Bu filmlər xalqımızın ruhuna, düşüncə tərzinə, milli-mənəvi dünyasına uyğun, elə böyük ustalıqla çəkilib ki, orda həm keçmişimiz, həm də bu günümüz öz əksini tapıb. Bu ekran əsərləri xalqımızın nə qədər böyük kökə, tarixi keçmişə malik olduğunu bir daha təsdiqləyir. Azərbaycan kinosunu yaşadan, sevdirən bəlkə də bu incə məqamlardır. Bu filmlərin çoxu Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Lakin təəssüf ki, Azərbaycan kino sənayesinin inkişafına dəyərli töhfələr vermiş, ən müqtədir sənətkarların doğma evinə çevrilmiş bu məkan hazırda öz funksiyasını yetərincə reallaşdıra bilmir. Sözsüz ki, bunun da məlum səbəbləri var. Bu məsələlərə aydınlıq gətirmək üçün 2 Avqust - Milli Kino Günü ərəfəsində AZƏRTAC-ın əməkdaşı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmovla görüşüb, söhbət edib.
- Müşfiq müəllim, rəhbərlik etdiyiniz dövrdə kinostudiyada hansı işlər görülüb, nə kimi yeniliklər var?
- Bu iki ildə əsas məqsədimiz kino işini canlandırmaq olub. Mən kinostudiyaya rəhbərlik etməyə başlayanda yeddi tamamlanmamış film var idi. Onlar qısa müddətdə başa çatdırılaraq təhvil verildi. Daha sonra biz respublikamızda olan bütün aparıcı kino şirkətləri birləşdirərək “Azərbaycanfilm” Kinostudiyasının ətrafında Prodüserlər Gildiyası təsis etdik. Bununla da bütün gücümüzü bir yerə toplayaraq ölkəmizdə əcnəbi mütəxəssislərin kino istehsalındakı fəaliyyətini məhdudlaşdıraraq öz mütəxəssislərimizə üstünlük verdik. Nəticədə həm öz rejissorlarımızın təcrübəsi, həm də filmlərimizin keyfiyyəti artdı. Həmin dövrdə biz ustad dərslərinin keçirilməsinə, dünya standartlarına uyğun ssenarilərin qəbuluna başladıq. Avropadan mütəxəssislər dəvət etdik, müsabiqə əsasında müasir dövrün tələblərinə uyğun ssenarilər qəbul olundu və gənclərimiz bu işdə yaxından iştirak etdilər. Eyni zamanda xaricdə yaşayan azərbaycanlı rejissorları dəvət etdik. 2012-ci ildə istehsal prosesini tamam dəyişdik. “Kino haqqında” yeni qanun layihəsi hazırladıq.
2013-cü ildə isə əsasən yaradıcı potensialımızı müəyyənləşdirmək məqsədilə 8 gənc rejissor qısa metrajlı, 2 gənc rejissor tam metrajlı film çəkdi. Onlardan 5-i xaricdə yaşayan azərbaycanlılardır. Beləliklə, bu iki ildə yaradıcı və texniki potensialımızı müəyyənləşdirdik. 2014-cü ildə isə əsas məqsədlərimizdən biri “Azərbaycanfilm”in dünyanın aparıcı kino şirkəti kimi tanınmasıdır.
Bildiyimiz kimi, kinostudiyanın “Buta” şirkəti ilə müştərək çəkdiyi “Sonuncu” bədii filmi 3500 filmin içərisində Kann festivalının proqramına daxil edildi. “Azərbaycanfilm”ə məxsus olan, Asif Rüstəmovun çəkdiyi “Axınla aşağı” filmi Karlovı Varı film festivalında iştirak etdi. Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi isə Beynəlxalq Venesiya festivalının “Horizontlar” proqramına daxil olub. Azərbaycan kino tarixində ilk dəfədir ki, qısa müddətdə bu qədər beynəlxalq festivalda iştirak edirik.
Digər məqsədimiz isə Azərbaycan kinosunun dünyada tanıtmaqla yanaşı, xalqımızın mədəniyyətini, dünyagörüşünü, estetikasını təbliğ etməkdir.
Milli Kino Günü ilə əlaqədar müsabiqə elan etmişik. Əsas məqsədimiz gənc rejissorların, ssenaristlərin üzə çıxarılmasıdır. Sevindirici haldır ki, müsabiqəyə artıq 90-dan çox ssenari daxil olub və biz yeni almanax üzərində işləməyə hazırlaşırıq. Qalib ssenarilər əsasında yeni filmlər çəkiləcək.
- Kinostudiyanın yenidən qurulması istiqamətində iş nə vəziyyətdədir?
- “Azərbaycanfilm” Kinostudiyasının konseptual layihəsinin hazırlanması ilə bağlı Fransa şirkəti ilə müqavilə bağlanıb. Əsas işlər başa çatıb, bu yaxınlarda layihə yekunlaşacaq.
- Vaxtı ilə keçmiş Sovet İttifaqının başqa milli studiyaları bədii filmlərin dublyaj edilməsi metodunu öyrənmək üçün öz rejissorlarını “Azərbaycanfilm” Kinostudiyasına göndərirdilər. Hazırda bizdə dublyaj sahəsində vəziyyət necədir?
- Azərbaycanda böyük bir kinoteatr şəbəkəsi yaranmaqdadır və proses başa çatdıqdan sonra bu məsələ də öz həllini tapacaq. “Azərbaycanfilm”də olmasa da, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində müstəqil dublyaj studiyası var. Onun nizamnaməsi yenidən hazırlanır. Studiyanın günün tələbləri səviyyəsində qurulması nəzərdə tutulur. Kinostudiya təmir ediləndə burada gözəl səs və dublyaj studiyası yaradılacaq. Ən böyük problemlərimizdən biri standartlara cavab verən səs studiyalarıdır. Yaradılacaq səs studiyasında təkcə filmlərin səsini deyil, orkestr çıxışlarının da yazılması nəzərdə tutulub.
- Bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında Azərbaycan kinosunun inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində görülən işlər barədə danışardınız.
- Bir qədər öncə qeyd etdiyim kimi, kinostudiyada istehsalatın qurulması, yaradıcılıq potensialının müəyyənləşdirilməsi istiqamətində bir çox ciddi addımlar atılıb. Fəaliyyətimiz də məhz “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun qurulub. Bu proqram Azərbaycan kinosunun inkişafına təkan verən layihələri reallaşdırmağa imkan verir. Əgər dövlət bu işdə bizə dəstək göstərirsə, işimizi sürətləndirməyə borcluyuq. Ölkəmizdə gənc prodüserlər, rejissorlar yetişir, dövrün tələblərinə cavab verən kadrlar, kino mütəxəssisləri hazırlanır. Məqsədimiz Azərbaycan tamaşaçılarını öz filmlərimizə baxmaq üçün kinoteatra gətirməkdir.
Hazırda Fransa şirkəti ilə birlikdə komediya janrında, Türkiyə şirkəti ilə isə melodrama janrında filmlər çəkmək üçün müzakirələr aparırıq. Məqsədimiz həm Avropa bazarına çıxmaq, həm də tamaşaçılarımızı qane etməkdir. İstəyirik ki, bu filmlərdə aparıcı ulduzlar, Azərbaycan tamaşaçısının sevimli aktyorları çəkilsinlər. Beləliklə, birinci mərhələdə industriyanı qurduqsa, ikinci mərhələdə yaradıcı və texniki potensialımızı müəyyənləşdirdik. Üçüncü mərhələdə isə beynəlxalq festivallara çıxmağı qarşımıza məqsəd qoyduq və çıxdıq. Qarşıdakı dördüncü mərhələdə hədəfimiz Azərbaycan tamaşaçısının marağını milli kinomuza cəlb etməkdir.
Sevindirici haldır ki, artıq “Azərbaycanfilm” beynəlxalq festivalların kataloquna düşüb və bu, ekran əsərlərimizin dünyanın aparıcı kino şirkətləri tərəfindən izlənməsinə təkan verəcək.
Yeri gəlmişkən deməliyəm ki, biz artıq Qarabağ mövzusunda çəkilmiş ekran əsərləri ilə beynəlxalq festivallarda iştirak edirik. Venesiya kinofestivalında nümayiş olunacaq “Nabat” filminin mövzusu Qarabağa, müharibəyə aiddir. Bütün bunlar özümüzü, kim olduğumuzu, haqq səsimizi dünyaya çatdırmağa imkan verir.
- Etiraf edək ki, telekanallarda yayımlanan serialların səviyyəsi heç də ürəkaçan deyil. Sizcə, teleseriallarımızın qardaş türkiyəli rejissorların çəkdiyi seriallar kimi dünyaya səs salması üçün nə etmək lazımdır?
- Birincisi, bizim bazarımız kiçikdir. “Azərbaycanfilm” teleserial çəkmir. Amma deyə bilərəm ki, Türkiyə bu sahədə yalnız son 10-12 ildə uğur qazanıb.
Biz teleseriallara heç də pis baxmırıq. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası da, televiziyalara rəhbərlik edən şəxslər də artıq onları saf-çürük etməyə, yaxşılarını seçməyə başlayıblar. Elə seriallar var ki, artıq tamaşaçını cəlb edə bilib. Şübhəsiz ki, bu işlər üçün vaxt lazımdır, dayanmaq olmaz, seriallar mütləq çəkilməlidir.
- Ətraflı və səmimi müsahibəyə görə çox sağ olun.
... Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından ayrılarkən nədənsə xəyalımda tez-tez ekranlarda göstərilən və hamımızın sevdiyi “Bəyin oğurlanması” filmində yaşlı kişinin rejissora dediyi “Siz də, elə çəkin ki, adamın ürəyinə toxunsun, inandırıcı kino olsun” ifadəsini xatırlasam da, eşitdiklərim məndə belə bir inam oyatdı ki, bizdə bir zaman “O olmasın bu olsun”, “Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim” kimi mədəni hadisəyə çevrilərək ürəklərə yol tapan, tamaşaçının zövqünü formalaşdıran yüksək səviyyəli filmlər çəkiləcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var