İQTİSADİYYAT
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faiz artıb
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən il sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 954,1 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 7 faizlik artım müşahidə edilib. Sənaye məhsulunun 4,1 faizi məhz bu sektorda istehsal olunub.
İl ərzində su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 3,7 faiz artaraq 313,8 milyon manat olub. Sənaye məhsulunun 0,7 faizi həmin sektorda istehsal edilib.
Dekabr ayında əvvəlki ayla müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətlərində dəyişiklik baş verməyib.
Yanvarın 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 2,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda işləyib.