İQTİSADİYYAT
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi çoxalıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 278,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ayı ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 4,7 faizlik artım müşahidə edilib. Sənaye məhsulunun 4 faizi məhz bu sektorda istehsal olunub.
Səkkiz ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 1,4 faiz artaraq 203,6 milyon manat olub. Sənaye məhsulunun 0,7 faizi həmin sektorda istehsal edilib.
Avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişməyib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 2,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və email sektorunda işləyib.