İQTİSADİYYAT
Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda artım olub
Bakı, 22 yanvar, AZƏRTAC
Keçən il elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 974,4 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən il 2019-cu illə müqayisədə istehsalın həcmində 2,4 faiz artım müşahidə olunub.
İl ərzində su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların dəyəri 10,4 faiz azalaraq 318,6 milyon manat təşkil edib.
Hesabat dövründə sənaye məhsulunun 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
2020-ci ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 2019-cu illə müqayisədə 100 faiz təşkil edib.