İQTİSADİYYAT


Elektrik enerjisi sektorunda islahatlar müzakirə olunub

Bakı, 21 noyabr, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Elektrik enerjisi sektorunda islahatlar” adlı seminar keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin idarə heyətinin sədri Samir Axundov agentlik tərəfindən hazırda ölkədə kommunal xidmət səviyyəsinin yaxşılaşdırılması, dünya standartlarına uyğunlaşdırılması, istehlakçılar üçün fasiləsiz və keyfiyyətli enerji təchizatının təmin edilməsinə dair mühüm işlər görüldüyünü deyib.

EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte isə elektrik enerjisi sektorunda islahatların zəruriliyini vurğulayıb. Avropa ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsinin enerji tənzimləməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

Tədbirdə enerjinin istehsalı, ötürülməsi və paylanması sahələrinin bir-birindən ayrılması, enerji sektorunun restrukturizasiyası, özəlləşdirilməsi və liberallaşdırılması, rəqabət üçün əlverişli şəraitin yaradılması ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətdə Avropa təcrübəsi diqqətə çatdırılıb. Liberallaşdırılmış elektrik enerjisi bazarının Avropa Şurasının Üçüncü Enerji Paketinin müddəalarına uyğunlaşdırılması yolları haqqında məlumat verilib.

CEER ekspertləri Latviyanın Kommunal Xidmətlər üzrə Komissiyasının sədri Rolands İrklis və İrlandiyanın Kommunal Xidmətlərinin Tənzimlənməsi üzrə Komissiyasının elektrik şəbəkələr üzrə meneceri Robert OʼRurkun təqdimatları dinlənilib.

Seminarda, həmçinin digər ölkələrdə tənzimləyici orqanının yaradılması prosesi, investisiyaların cəlbi, monitorinq və nəzarət vasitəsilə istehlakçıların hüquqlarının qorunması kimi məsələlər də müzakirə edilib.

Qeyd edək ki, tədbir Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə ötən il sentyabrın 8-də imzalanmış Niyyət Protokolu çərçivəsində keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.