İQTİSADİYYAT
Elektrik enerjisində yaranan fasilə ilə əlaqədar Bakı metrosundakı neqativ hallar aradan qaldırılıb
Bakı, 3 iyul, Elvin Camalov, AZƏRTAC
Elektrik enerjisində yaranan fasilə ilə əlaqədar Bakı metrosundakı neqativ hallar aradan qaldırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli məlumat verib.
O bildirib ki, elektrik enerji təminatındakı mövcud vəziyyətlə əlaqədar fəaliyyət göstərməyən Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının iş rejimi səhər saat 08:32-dən etibarən bərpa olunub. Hazırda metro normal rejimdə fəaliyyət göstərir.
Qeyd edək ki, metronun “Avtovağzal” stansiyasının fəaliyyəti bərpa olunmadan əvvəl, yaranmış vəziyyət ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə “Bakı Metropoliteni” QSC arasında koordinasiyalı iş qurulub. Bakı Metropoliteninin “Avtovağzal” stansiyası fəaliyyət göstərmədiyi üçün həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artırılıb. Yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən “Avtovağzal” metro stansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənə kimi metronun “Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar “20 Yanvar” stansiyasınadək hərəkət edib.