İQTİSADİYYAT
Elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi üzrə tədbirlər planı hazırlanıb
Bakı, 23 iyul, AZƏRTAC
Ölkədəki elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyətinə dair 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Bildirilir ki, elektrik enerjisi ixracının əsaslandırılması məqsədilə elektrik enerjisinin istehsalı üçün yanacaq və digər xərclər, gömrük xərcləri, tranzit xərcləri və bazarda iştirak etmək üçün xərclər təhlil edilib. Eyni zamanda, təbii qazın həmin qonşu ölkələrin topdansatış bazarına çıxarılması xərcləri də qiymətləndirilib.
Region ölkələrinin elektrik enerjisinə tələbatının proqnoz qiymətləri, generasiya güclərinin inkişafı, elektrik enerjisinin mümkün qiymətləri üzrə araşdırmalar aparılıb. Müəyyən edilib ki, həmin ölkələrdə elektrik enerjisi idxal-ixrac proqramları və adıçəkilən ölkələrdə elektrik enerjisinin topdansatış proqnoz qiymətləri yaxın gələcəkdə qeyd olunan ölkələrə elektrik enerjisinin ixracını aktual edə bilər.
Həmçinin elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanıb və müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib.