İQTİSADİYYAT
Elektrik təchizatı şəbəkəsinə qoşulmalarla bağlı müzakirələr aparılıb
Bakı, 15 yanvar, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma İşçi qrupu”nun videokonfrans formatında növbəti iclası keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İşçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev “Doing Business” hesabatının “Elektrikə qoşulma” indikatoru üzrə ötən il ərzində görülmüş işlərdən bəhs edib. Dünya Bankı tərəfindən açıqlanmış ilkin məlumatlarda “Doing Business 2020” hesabatı üzrə müvafiq araşdırmaların aparılması və müvafiq istiqamət üzrə Azərbaycanda həyata keçirilmiş islahatların yenidən qiymətləndirilməsi vurğulanıb. Bildirilib ki, görülmüş işlərin nəticəsi kimi elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə prosedur və günlərin sayının azaldılması ölkəmizin reytinqinin yüksəlməsinə müsbət təsir edəcək. İşçi qrupun rəhbəri tərəfindən 2021-ci ildə görüləcək işlərin əsas istiqamətləri və Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasının zəruriliyi qeyd edilib.
Daha sonra Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev İşçi qrupun fəaliyyətinin prioritet istiqamətləri barədə fikirlərini bölüşüb. Həmçinin “Azərişıq” ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Elektron Müraciətlərin İdarə Olunması Sisteminin əhatə dairəsinin genişləndirilməsinin vacibliyi qeyd olunub.
İclasda İşçi qrupun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan müvafiq tədbirlərlə bağlı görüləcək işlər barədə əsas icraçı qurum olan “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Fərid Əmirov tərəfindən təqdimat edilib.
Həmçinin Fəaliyyət Planının “Tələb olunan gücü 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinə elektrik enerjisi (gücü) alınması üçün enerji təchizatı şəbəkəsinə qoşulmanın həyata keçirilməsi məqsədilə sahibkarlıq subyektlərinin müraciətlərinin elektronlaşdırılması imkanlarının nəzərdən keçirilməsi” və “Elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində normativ hüquqi aktların e-sistemin tələblərinə uyğunlaşdırılması və bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün təkliflərin aidiyyəti üzrə təqdim olunması” tədbirləri ilə bağlı aidiyyəti üzrə görüləcək işlər barədə əsas icraçı qurum olan Energetika Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Mürvət Babayevin təqdimatı dinlənilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Kiçik və Orta Biznesin tənzimlənməsi və təşviqi departamentinin Kiçik və Orta Biznesin tənzimlənməsi şöbəsinin müdiri Emin Abdullayev isə 2020-ci ilin ikinci yarısında biznes subyektləri arasında keçirilmiş sorğunun nəticələrinə dair təqdimat edib.
Qarşılıqlı müzakirələr formatında davam edən görüşdə icraçılara ünvanlanmış suallar aidiyyəti üzrə cavablandırılıb.