RƏSMİ SƏNƏDLƏR


“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. yerli və xarici ekspertləri, habelə beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, aşağıdakıları doqquz ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.3.1. elektrik qurğularının quraşdırılması qaydasını;

2.3.2. elektrik və istilik qurğularının texniki istismar qaydasını;

2.3.3. elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydasını;

2.3.4. elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını;

2.3.5. yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydasını;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri