DÜNYA


Elektriklə işləyən ilk təyyarə Norveçdə qəzaya uğrayıb

Stokholm, 15 avqust, AZƏRTAC

Elektrik mühərriki ilə işləyən ilk təyyarə Norveçin cənubundakı Arendal şəhəri yaxınlığında gölə düşərək qəzaya uğrayıb.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, pilot və sərnişinin zədə almamasına baxmayaraq, bu, krallığın aviasiya strategiyasına zərbə vurub.

İkiyerlik təyyarənin pilotu olan “Avinor” şirkətinin baş direktoru Daq Falk-Pederşen təyyarələrin elektrikləşdirilməsi imkanlarını nümayiş etdirməkdən ötrü bir sıra yüksəkvəzifəli şəxsləri dəvət edib.

“Alpha Electro G2” modelli təyyarə Sloveniyanın “Pipistrel” şirkəti tərəfindən istehsal olunub.

Yerli jurnalistlər qeyd edirlər ki, təyyarənin qəza səbəbi hələ məlum deyil, lakin hadisə yerində çəkilən fotoşəkillərdən gölə düşən təyyarənin qismən suda batdığı aydın görünür.

Qeyd edək ki, təyyarənin sərnişini Norveçin bələdiyyələr və müasirləşdirilmə işləri üzrə dövlət katibi Osse Marte Xorriqmo olub.

Elektriklə işləyən təyyarənin məxsus olduğu “Avinor” şirkəti, həmçinin Norveçin mülki hava limanlarının əksəriyyətini idarə edir. Ötən il şirkət artıq 2025-ci ildə elektrik mühərriki ilə işləyəcək təyyarələrdə kommersiya sərnişin reyslərini görməyə ümidvar olduğunu bəyan etmişdi. Bununla yanaşı, şirkətdə artıq bu təyyarə qəzasının onların fəaliyyətinə mənfi təsir edəcəyini təsdiqləyiblər.

Norveç hökuməti daha əvvəl şirkətdən krallıqdakı bütün aviasiyanın 2040-cı ilədək elektrikləşdirilməsi proqramının işlənib hazırlanmasını xahiş edib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.