İQTİSADİYYAT


Elektroenergetika sahəsində liberal bazar modelinə keçid mərhələlərinə dair təlim təşkil olunub

Bakı, 20 sentyabr, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyində “Elektroenergetika sahəsində liberal bazar modelinə keçid mərhələləri” adlı təlim keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə agentliyin sədri Samir Axundov liberal bazar modelinə keçidin Azərbaycanın energetika sahəsində hazırda aktual mövzulardan biri olduğunu deyib.

Daha sonra “DNV GL” şirkətinin qrup rəhbəri, beynəlxalq ekspert xanım İlka Levinqton tərəfindən rəqabətli topdansatış bazarlarının yaranması, elektroenergetikanın bazar modeli, hazırkı fəaliyyət mexanizmləri, bazarla fəaliyyət mexanizmləri, hədəf modeli, mərhələlər və hədəflər balansı, enerji alışının səmərəliliyinin artırılması və şəbəkə itkiləri barədə təqdimat olub.

Təlim iştirakçılarına məlumat verilib ki, Azərbaycanın enerji bazarında islahatlar enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə etibarlı təminatına, enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə, elektroenergetika sahəsinin iqtisadi və texniki səmərəliliyinin yüksəldilməsinə, müasir texnologiyaların və innovasiyaların tətbiqinə, subsidiyalaşdırmanın aradan qaldırılması və dövlət büdcəsinin yükünün azaldılmasına, özəl, o cümlədən xarici investisiyalar üçün əlverişli şəraitin yaranmasına, elektroenergetika sahəsində yeni biznes sahələrinin və iş yerlərinin yaradılmasına və kadr potensialının gücləndirilməsinə imkan verəcək.

“DNV GL” şirkətinin müvafiq sahə üzrə qrup rəhbərinin müavini, beynəlxalq ekspert Aleksandr Roqozin Ukrayna enerji bazarı və oradakı təcrübədən, o cümlədən topdansatış bazarının üstünlükləri və çatışmazlıqları, həmçinin ikitərəfli müqavilələr bazarına dair təlim iştirakçılarına geniş məlumat təqdim edib. Şirkətin daha bir beynəlxalq eksperti Kristian Heviçer isə Rumıniya, İspaniya, Koreya Respublikası enerji bazarı modellərini əhatə edən təqdimatlarla çıxış edib. O, adıçəkilən və bir sıra digər Avropa ölkələrinin enerji bazarlarında rəqabətin əsas modellərindən danışıb, enerji bazarının liberallaşmasının əsas mexanizmlərini təlim iştirakçılarına izah edib.

İki gün davam edən təlimdə interaktiv müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.