CƏMİYYƏT
Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda keçirilən beynəlxalq seminarda təmsil olunub
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov iyulun 23-24-də Tailandın paytaxtı Banqkokda BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası tərəfindən təşkil olunan tədbirdə iştirak edib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, “Davamlı İnkişaf üçün Rəqəmsal Hökumətin tətbiqi üzrə Regionlararası Potensialın İnkişafı” mövzusunda keçirilən seminara 27 ölkədən elektron hökumət sahəsində çalışan rəhbər şəxslər qatılıblar.
Tədbirin keçirilməsinin əsas məqsədi rəqəmsal hökumət sahəsində müxtəlif alətləri müzakirə etmək, həmçinin müxtəlif ölkələrdə bu istiqamətdə görülmüş işlər və öyrənilmiş dərsləri nəzərdən keçirməkdir.
Seminarda iki gün ərzində fərdi və institusional imkanları inkişaf etdirmək üçün müxtəlif ölkələrdən təcrübəli şəxsləri və dövlət rəsmilərini bir araya gətirərək rəqəmsal hökumətin tətbiqi üzrə perspektivləri bölüşmək nəzərdə tutulub. Qeyri-hökumət ekspertləri və digər maraqlı tərəflər də Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərin həyata keçirilməsində rəqəmsal hökumət və innovativ təcrübələrin təşviqi ilə bağlı müzakirələri stimullaşdırmaq üçün tədbirə dəvət olunublar.
Tədbirdə “ASAN xidmət”, Elektron Hökumət sahəsində ölkəmizdə aparılan işlər, eləcə də “ASAN Viza” ilə bağlı iştirakçılara təqdimat edilib, suallar cavablandırılıb.
Xatırladaq ki, iyunun 24-dən 26-dək Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunda iştirakçılara Azərbaycanda reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidlə bağlı təqdimat edilib. Həmin forumda, həmçinin Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.