CƏMİYYƏT


Elektron Hökumətin İnkişafı Mərkəzi və banklar “ASAN Finans”ı müzakirə ediblər

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə “ASAN Finans”ın tərəfdaş bankları arasında onlayn görüş keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, EHİM-in direktoru Fariz Cəfərov cari işlərin qısa xülasəsini təqdim edərək dövlət - biznes həlləri haqqında danışıb. Görüşdə mövcud qanunvericilik bazasının və “ASAN Finans” platformasının təkmilləşdirilməsinə dair bankların rəy və təklifləri müzakirə edilib. Onlayn xidmətlərin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi ilə davam edən tədbirdə, həmçinin “ASAN Finans” servislərində “ASAN Login”nin istifadəsi, bank ödənişlərinin “ASAN Ödəniş” sisteminə inteqrasiya edilməsi və digər mövzulardan söz açılıb.

Dövlət-biznes tərəfdaşlığının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olan görüş eləcə də müvafiq istiqamətdə elektron iştirakın təmin edilməsi, ekspertlərin rəy və təkliflərinin alınması baxımından faydalıdır.

EHİM tərəfindən idarə edilən “ASAN Finans” maliyyə və digər sektorlardan olan qurumların və şirkətlərin dövlət informasiya ehtiyatı sistemlərinə çıxışını təmin edir. Müvafiq sistemə inteqrasiya edilmiş qurum və təşkilatlar FİN və ya VÖEN vasitəsilə məlumatları vətəndaşın razılığı ilə real vaxt rejimində rəqəmsal formada əldə edə bilir. Bu isə həmin təşkilatların operator, əməliyyat və digər xərclərə qənaət etməsinə, eləcə də təhlil və qərarvermə prosesini daha sürətli aparmasına imkan yaradır.

Hazırda “ASAN Finans” 60 qurumu əhatə edir. Bunlardan 53 qurum real rejimdə fəaliyyət göstərir, 7 qurum ilə inteqrasiya işləri davam etdirilir.

“ASAN Finans” sisteminə qoşulmaq üçün telefon: 012 444 74 44 (dax. 3137)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.