CƏMİYYƏT


Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları Beynəlxalq Data Analizi Olimpiadasında iştirak ediblər

Bakı, 15 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşları Rusiyanın paytaxtı Moskvada keçirilmiş Beynəlxalq Data Analizi Olimpiadasının (IDAO) final mərhələsində iştirak ediblər.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, olimpiadanın baş təşkilatçısı olan “Yandex” şirkətinin mərkəzi ofisində təşkil olunan final mərhələsinə 7 ölkədən 31 komanda və 79 iştirakçı qatılıb. Bu mərhələdə 31 komanda “Yandex Taxi” tərəfindən qarşıya qoyulmuş məsələnin optimal həllini tapmağa çalışıb. Bu komandalardan biri də Elektron Hökumətin İnkişafı Mərkəzinin Proqram Təminatı departamentinin əməkdaşları Samir Məmmədov, Ümid Süleymanov və Əsgər Məmmədlidən ibarət olan “ifElse” komandası olub. Final mərhələsində komandalara “Yandex Taxi” şirkətinin aeroportlarda işləyən sürücülərinin növbədə gözləmə müddətini təyin edən modelin qurulması tapşırılıb. Bunun üçün komandalara aeroportlar üzrə real 6 aylıq taksi sifarişinin tarix datası və modelin qurulması üçün 36 saat vaxt verilib. Sonda qurulmuş modellər növbəti ayın real datası ilə yoxlanılaraq modelin dəqiqliyinə görə sıralanma aparılıb. EHİM-in əməkdaşlarından ibarət komanda tapşırığın öhdəsindən müvəffəqiyyətlə gəlib və final mərhələsində iştirak sertifikatı ilə təltif olunub.

“Yandex” şirkətinin baş təşkilatçılığı, Sberbank və Ali İqtisad Məktəbinin təşkilatçılığı ilə keçirilmiş olimpiadanın final mərhələsindən sonra iştirakçılara Avropa Nüvə Tədqiqatları Mərkəzi, “Yandex Taxi” və Rusiyanın Ali İqtisad Məktəbinin professor və nümayəndə heyəti tərəfindən mühazirələr də təqdim edilib.

Qeyd edək ki, artıq ikinci dəfə keçirilən IDAO-nun birinci mərhələsi yanvarın 15-dən fevralın 11-dək onlayn formada təşkil olunub. Birinci mərhələdə 78 ölkədən 1287 komanda Avropa Nüvə Tədqiqatları Mərkəzi tərəfindən hazırlanmış məsələni həll etmək uğrunda mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.