REGİONLAR
Elektron Kadastr Uçotu sistemi İmişlinin torpaq idarəçiliyində yeniliklərə səbəb olacaq
İmişli, 10 oktyabr, Mahir Babayev, AZƏRTAC
İmişlinin torpaq idarəçiliyində yeniliklər olacaq. Torpaq istifadəçiliyi və inzibatçılığı sahəsində həyata keçirilən işlər daha səmərəli aparılacaq. Buna rayonda praktiki istifadəyə verilmiş torpaqların Elektron Kadastr Uçotu işləri imkan yaradacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə torpaqların Elektron Kadastr Uçotu işlərinin İmişlidə yekunlaşması və real şəraitdə istifadəyə verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rayonda keçirilən ictimai təqdimatda məlumat verilib.
Reallaşan uçot işləri İmişlinin bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 76,3 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Artıq rayonun torpaq balansı müəyyənləşib. Məlum olub ki, 27,9 min hektar bələdiyyə, 10,2 min hektar dövlət, 38,2 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 53,8 min hektara yaxını kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 38,5 min hektarını əkin sahələri təşkil edir. Daha çox münbit torpaq isə bol məhsul deməkdir. Belə olan halda rayonun ərzaq təminatının ödənilməsi imkanları daha da genişlənəcək.
Tədbirdə bildirilib ki, uçot işləri rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə, iqtisadi, aqrar münasibətlərə müsbət təsir göstərəcək. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 36,1 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər uqodiyaların hesabına artaraq 38,5 min hektar olub. Əlavə torpaq sahəsinin müəyyənləşməsi isə aqrar sahəyə cəlb edilən ərazilərin çoxalması ilə nəticələnir. Bununla da həm vətəndaş daha çox qazanc götürəcək, həm də dövlətin torpaq fondu artmış olacaq.
Eyni zamanda, ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verən geobotanik, eroziya və relyef xəritələri tərtib olunub. Belə xəritələr torpaqdan hansı istiqamətdə istifadə edilməsi ilə bağlı düzgün planlamaya kömək olur. Eləcə də, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması rayon ərazilərindən kənd təsərrüfatı sahəsində istifadəni səmərəli edir.
Vurğulanıb ki, bəzi ailələr torpaq sahələrini birləşdirərək eyni məhsulu becərməklə daha çox gəlir götürə bilərlər. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 10,3 minə yaxınının torpaq ölçüləri bir hektaradəkdir.
Qeyd edilib ki, bu günə qədər bu layihənin praktiki istifadəsi 25 rayonda reallaşıb.
Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.