REGİONLAR
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 300 mindən çox fermer qeydiyyatdan keçib
Bakı, 19 iyun, AZƏRTAC
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlərin sayı 300 mini ötüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 19-na olan məlumata görə, 300 min 359 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.
Fermerlərdən 218 min 147 nəfər EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı-Şəhadətnamə əsasında rəsmiləşdiriblər. Həmçinin 61 min 44 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 6 min 349 fermer icarə sənədi, 3 min 126 fermer etibarnamə, 638 fermer vərəsəlik şəhadətnaməsi, 320 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 95 faizi, yaxud 15 min 560-ı öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.
Xaçmazda 12 min 348, Cəlilabadda 11 min 229, Şəkidə 10 min 285, Bərdədə 10 min 105, İmişlidə 9 min 652, Saatlıda 9 min 284, Qubada isə 8 min 864 fermer sistemdə qeydiyyat prosedurunu tamamlayıb.