CƏMİYYƏT
“Elektron Səhiyyə” portalı vasitəsilə 39 elektron xidmət vətəndaşların istifadəsinə verilib
Bakı, 14 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyində “Elektron Səhiyyə” portalı vasitəsilə 39 elektron xidmət vətəndaşların istifadəsinə verilib. Ən son tətbiq olunan isə “Xəstəliklərin beynəlxalq təsnifatı”, “Tibb işçilərinin sertifikasiya imtahanına buraxılışının əldə edilməsi” və “Sertifikasiya şəhadətnaməsinin çapı” elektron xidmətləridir.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata görə, “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma” elektron xidməti ilkin mərhələ kimi Bakı şəhəri üzrə uşaq poliklinikalarında tətbiq olunub. Xidmətdən istifadə çox sadə üsulla həyata keçirilir. Vətəndaş “Elektron Səhiyyə” portalı vasitəsilə 18 yaşı tamam olmamış övladı üçün qeydiyyatda olduğu uşaq poliklinikasına onlayn müraciət edərək, evə həkim çağıra və ya həkim qəbuluna yazıla bilər.
Portalda fəaliyyət göstərən “Onlayn konsultasiya” xidməti isə vətəndaşların elektron səhiyyə barədə suallarını cavabandırmağa imkan verir. Vətəndaşlar bu xidmət vasitəsilə öz sual və müraciətlərini birbaşa Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə göndərə bilirlər. “Onlayn konsultasiya” xidməti bütün sualları iş günləri saat 9:00-dan 18:00-dək real vaxt rejimində cavablandırır. Qeyri-iş günləri isə müraciət edənin elektron poçtuna cavab göndərilir.