İQTİSADİYYAT
Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” hesabının oğurlanmasının qarşısını almaq üçün tövsiyələrini təqdim edib
Bakı, 27 fevral, AZƏRTAC
Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” hesabının oğurlanmasının qarşısını almaq üçün tövsiyələrini təqdim edib. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” hesabının oğurlanmasının qarşısını almaq üçün onun mobil telefon nömrəsi ilə əlaqələndirilməsini tövsiyə edir.
Elektron Təhlükəsizlik Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hesaba kənardan müdaxilə olunduğu zaman tez bir zamanda qarşısını almaq üçün aşağıda qeyd edilən təlimatlara əməl etmək lazımdır:
“Güvənlik” bölməsindən “Login Approvals”un sağ tərəfində “düzəliş et” əmrini seçin.
“Tanınmayan brauzerlərdən mənim hesabıma daxil olmaq üçün təhlükəsizlik kodu tələb et” əmrini işarələyin və “Dəyişiklikləri yadda saxla” əmrinə klik edin.
Açılmış yeni pəncərədə “Başla” əmrini seçin.
“Başqa” sözünü işarələyib davam edin.
Açılmış yeni pəncərədə tələb olunan bölməyə mobil nömrənizi daxil edin, “Mənə yazı göndərməklə” sözünü işarələyin və “Davam et” əmrinə klik edin.
Qeyd: Əgər siz mobil nömrənizi Giriş bildirişləri barədə xəbərdarlıq mesajı qəbul etmək üçün nəzərdə tutulmuş bölmədə qeyd etmisinizsə, o zaman yenidən nömrənizi daxil etməyə ehtiyac qalmayacaq.
Sizin qeyd etdiyiniz mobil nömrəyə təhlükəsizlik kodu göndəriləcək. Həmin təhlükəsizlik kodunu müvafiq bölmədə qeyd edib davam edin.
Açılan “Login Approvals Setup Is Complete” bölməsində “No, thanks require a code right now” sözünü işarələyin və “Bağla” sözünə klik edin.
Beləliklə, hesaba naməlum bir brauzerdən daxil olunmağa cəhd göstərildikdə sizin şifrinizi ələ keçirsələr belə, mobil nömrənizə göndərilmiş təhlükəsizlik kodunu bilmədən hesabınıza daxil ola bilməyəcəklər.
Ətraflı məlumatı almaq üçün www.cert.az ünvanına müraciət etmək olar.