İQTİSADİYYAT
Elektron Təhlükəsizlik Xidməti orta məktəb müəllimləri üçün vebinar keçirib
Bakı, 17 sentyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən ölkəmizdə yeni dərs ilinin başlanması ilə əlaqədar Bakının bir neçə orta məktəbindən olan müəllimlər üçün uşaqların internetdə təhlükəsizliyi mövzusunda vebinar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 20-dək müəllimin qatıldığı vebinarda Elektron Təhlükəsizlik Xidmətinin Beynəlxalq əməkdaşlıq və əlaqələndirmə sektorunun müdiri Ellada Mustafayeva xüsusi təqdimatla çıxış edib. Vebinarda əsasən internetdən, eləcə də sosial şəbəkələrdən təhlükəsiz istifadə, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları kimi mövzulara toxunulub və müəllimlərin bu mövzulara müvafiq sualları cavablandırılıb. Bildirilib ki, pandemiyanın yaratdığı məhdudiyyətlər nəzərə alınaraq orta məktəb valideynləri və müəllimləri üçün məktəblilərin internetdə kibertəhlükəsizliyinin təmin olunması üçün ETX tərəfindən maarifləndirmə xarakterli silsilə vebinarlar bundan sonra da davam etdiriləcək.
Qeyd edilib ki, uşaqların internetdə təhlükəsizliyi məsələsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ən çox diqqət etdiyi və həssas yanaşdığı fəaliyyət sahələrindən biridir. Belə ki, qurum 2013-cü ildən mütəmadi olaraq uşaqların internet təhlükəsizliyinin təmin olunması sahəsində maarifləndirmə tədbirləri həyata keçirməkdədir. Həmçinin Elektron Təhlükəsizlik Xidməti bu sahədə fəaliyyət göstərən yerli, beynəlxalq qurum və təşkilatlarla əlaqələr yaratmaqda və əməkdaşlıq etməkdədir.
Məhz bu səbəbdən hazırda bütün dünyanı bürüyən pandemiya dövründə də bu istiqamətdə olan müraciətlər diqqətdə saxlanılır, vətəndaşlara müvafiq mövzularda texniki və metodiki dəstək göstərilir. Vətəndaşların müraciətləri operativ şəkildə “cert.az” saytı, “1654” “qaynar xətt”i və sosial şəbəkə hesablarımızdan mütəmadi olaraq qəbul olunmaqdadır.