İQTİSADİYYAT
Elektron bankçılıq xidmətlərində təhlükəsizliyə dair seminar təşkil edilib
Bakı, 30 aprel, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası birgə "Kobil systems" təşkilatı ilə əməkdaşlıq çərçivəsində növbəti seminar keçirib.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbir "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" və "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması, bu sahədə maliyyə savadlılığının yüksəldilməsi məqsədi daşıyır. "Elektron bankçılıq xidmətlərində təhlükəsizlik" mövzusunda keçirilən seminarda "Kobil systems" təşkilatının eksperti Koray Arıkan tərəfindən elektron bankçılıq xidmətləri sahəsində Avropa İttifaqında tətbiq olunan təhlükəsizlik tədbirləri, maliyyə xidmətlərinin innovativ vasitələrlə təqdim edilməsi zamanı nəzərə alınacaq təhlükəsizlik amilləri, müxtəlif fırıldaqçılıq halları və onlara qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib.
Qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə, həmçinin elektron ödənişlərdə təhlükəsizlik sahəsində son trendlər, qabaqcıl banklar tərəfindən həyata keçirilən tədbirlər də müzakirə edilib.