ELM VƏ TƏHSİL


Elektron dərslik portalına ingilis dili fənni üzrə dinləyib-anlama səsli materialları yerləşdirilib

Bakı, 12 mart, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 6, 7, 8 və 9-cu sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları əlavə edilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib.

Cari ildə elektron dərslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun videotəcrübələr də əlavə edilib.

Bununla da portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 24-ə çatdırılıb.

Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur.

Daim yenilənməsi və əlavə vasitələrlə zənginləşdirilməsi nəticəsində portala ictimaiyyətin marağı getdikcə artmaqdadır. Belə ki, ötən ilin ilk iki ayında portala giriş sayı 233 min 768, səhifələrə ümumi baxış sayı isə 1 milyon 663 min 67 olubsa, cari ilin müvafiq dövründə bu göstəricilər 2 dəfəyə qədər artıb, portala giriş sayı 432 min 338, səhifələrə ümumi baxış sayı isə 3 milyon 311 min 948 olub.

Xatırladaq ki, 2018-ci il ərzində elektron dərslik portalına giriş sayı 1 milyon 697 min 572, səhifələrə ümumi baxış sayı isə 12 milyon 452 min 46 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 milyon 21 min 659 və 7 milyon 422 min 957 olub.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının yaradılmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır ki, nəticədə məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.