REGİONLAR
Elektron müraciət qaydalarının tətbiqi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığına xidmət edir
Naxçıvan, 29 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və onlara xidmət göstərən tərəflərlə “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən xidmət əməkdaşı Zakir Məmmədov miqrasiya sahəsində əldə edilən nailiyyətlərdən bəhs edib. Bildirib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı, miqrasiya qanunvericilik bazasının sadələşdirilməsi və qədim diyarın təhlükəsiz region olması əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Naxçıvana marağını daha da artırıb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər muxtar respublikaya gəldikləri zaman, əsasən mehmanxanalara üz tuturlar. Bu baxımdan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və xidmət göstərən tərəf kimi onların olduğu yer üzrə qeydiyyata alınmasında yaxından iştirak etmələri əhəmiyyətlidir. Onların burada təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri önəmli olduğu qədər, hüquq və azadlıqları, vəzifələri, eyni zamanda, miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da diqqətdə saxlanılan prioritet məsələdir. Məhz bu baxımdan muxtar respublikada dövlət miqrasiya siyasətinin uğurla reallaşdırılması və miqrasiya sahəsində həyata keçirilən tədbirlərin müntəzəm olaraq diqqətdə saxlanılması önəmlidir.
Zakir Məmmədov miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət məsələsi ilə bağlı danışıb, slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra xidmətin əməkdaşı Qiyas Paşayev çıxış edərək diqqətə çatdırıb ki, bu gün ölkə vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığını və məmnuniyyətini təmin etmək, onların müraciətlərini operativ cavablandırmaq, həmçinin xidmətə müraciət etmə imkanlarını genişləndirmək üçün onun elektron xidmətləri tam gücü ilə fəaliyyət göstərir. Belə ki, cari ildən etibarən xidmətin “Facebook” və “Instagram” rəsmi sosial şəbəkə hesabları da yaradılıb.
Vurğulanıb ki, bu gün Dövlət Miqrasiya Xidmətində elektron xidmətlərinin Naxçıvan Muxtar Respublikası “Еlektron hökumət portalı”na inteqrasiya olunması əhaliyə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətləri daha da yaxşılaşdırıb, xidmət üçün nəzərdə tutulmuş bütün xidmət növü üzrə sahələr avtomatlaşdırılıb. O, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı elektron müraciət qaydalarının əhəmiyyətindən danışaraq məlumatları slayd vasitəsilə əyani şəkildə nümayiş etdirib.
Müzakirələr zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonda tədbir iştirakçılarına xidmət tərəfindən hazırlanan bukletlər təqdim olunub.