ELM VƏ TƏHSİL
Elektron səhiyyə çərçivəsində ölkənin demoqrafik vəziyyətinə dair araşdırma aparılır
Bakı, 11 may, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elektron səhiyyə çərçivəsində ölkənin demoqrafik vəziyyətinə dair araşdırma aparılır.
Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda bu elmi müəssisənin doktorantı, texnika üzrə fəlsəfə doktoru, dosent Gülarə Muradova respublikanın müxtəlif coğrafi rayonlarında sağlamlığa təsir edən konkret xəstəliklərin təsirinin proqnozlaşdırılması üçün riyazi model işləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, müasir texnologiyalardan istifadə etməklə ən təhlükəli xəstəliklərin aşkarlanması üçün tədqiqatlar aparılıb və metodoloji prinsiplər hazırlanıb.
Məruzəçi bildirib ki, e-tibbin tətbiqi xroniki xəstələrə sistematik nəzarəti təmin edir, bu isə öz növbəsində, ölüm hallarının azalmasına, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına, bütovlükdə əhalinin ömür uzunluğunun artmasına imkan yaradır.