ELM VƏ TƏHSİL


Elektron səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin çoxmeyarlı qiymətləndirilməsi aparılıb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “Elektron səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin çoxmeyarlı qiymətləndirilməsi” sərlövhəli məqalə Rusiyanın “Kibertəhlükəsizlik məsələləri” jurnalında dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnal “Web of Science”, “RSCI”, “Crossref” kimi elmi bazalarda indeksləşir.

Məqalədə qeyd olunur ki, e-səsvermə e-demokratiyanın ən mühüm komponentlərindən biri hesab edilir. E-səsvermə sisteminin tətbiqi müxtəlif məqsədli olsa da, əsas üstünlükləri kimi uyğun kompetensiyalara malik namizədlərin seçilməsi, seçicilərin mobilliyinin artması, ölkədən kənarda olan vətəndaşların seçkilərdə iştirakı, fiziki imkanları məhdud şəxslər üçün demokratik prosedurlara çıxış imkanlarının genişləndirilməsi, seçki nəticələrinin müstəqil və operativ şəkildə elan olunması və s. göstərilir. Hazırda e-səsvermə sistemlərinin tətbiqində və inkişaf etdirilməsində təhlükəsizlik məsələləri həlledici rola malikdir.

Məqalədə e-səsvermə sisteminə dair yanaşmalar və sistemin təhlükəsizliyinə olan təhdidlər araşdırılır. Çoxmeyarlı qiymətləndirmə yanaşması (ən pis hal (worst-case method) və TOPSIS metodları) əsasında e-səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin empirik qiymətləndirilməsi məsələsinə baxılır. E-səsvermə sahəsində mövcud təcrübənin analizi əsasında belə nəticəyə gəlmək olar ki, lokal səviyyədə e-səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlər qiymətləndirilməli və empirik tədqiqatlara üstünlük verilməlidir. E-səsvermə sisteminin təhlükəsizlik səviyyəsinə görə xüsusiyyətləri nəzərə alınmaqla yaradılacaq e-səsvermə mexanizmləri bir sıra problemləri aradan qaldırmağa imkan verəcək.

Qeyd edək ki, bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.