CƏMİYYƏT


Elektron ticarətə həsr olunmuş tədbir keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC 

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan “Shop.az”-ın birgə təşkilatçılığı ilə E-Commerce 1.0 tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Shop.az” saytının təsisçisi və “Akhundoff Group” şirkətlər birliyinin rəhbəri Telman Axundov tədbirin məqsədinin dövlət nümayəndələri, pərakəndə satış şirkətləri, marketinq agentlikləri, çatdırılma şirkətləri, ödəmə platformaları və digər elektron ticarət (e-ticarət) mühitinin iştirakçılarını bir araya gətirmək, onlara bu istiqamətdə davamlı inkişaf üçün konstruktiv həll yolları təqdim etmək olduğunu deyib. Sonra saytın təsisçisi iştirakçılara e-ticarət bazarının ümumi vəziyyəti haqqında geniş məlumat verib.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim rəhbərlik etdiyi qurum haqqında danışıb: “Mərkəzimiz innovasiyalar ekosisteminin bütün komponentlərini özündə birləşdirir. Bura, həmçinin, Azərbaycanda, o cümlədən onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir”. Sonra o, Azərbaycanda elektron ticarətin hazırkı vəziyyəti haqqında məlumat verib.

“Shop.az” elektron ticarət platformasının direktoru Ramiz Əlili bildirib ki, bu qurum yerli pərakəndə satış şirkətləri və onların məhsullarının müştərilər tərəfindən rahat seçilməsini təmin edir. “Shop.az”ın peşəkar komandası daim innovativ həllərlə çıxış edir və bu sahədə daha ciddi dəyər yaradan şirkət olmaq missiyasını daşıyır. R.Əlili yerli bazarın onlayn ticarətə hazır olub-olmaması haqqında da öz fikirlərini bölüşüb və tövsiyələrini verib.

Özəl sektoru əhatə edən elektron ticarətə həsr olunmuş tədbirdə bu sahədə nailiyyətlər əldə etmiş irimiqyaslı layihələrin nümayəndələri və digər xarici spikerlər 300-ə yaxın yerli iştirakçı üçün öz təcrübələrini bölüşüblər.

Tədbir panel müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.