CƏMİYYƏT
Elektronika mallarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 28 iyun, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini deyib. Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları - 11 ədəd “qulaqlıq”, 2 ədəd səsgücləndirici, 4 ədəd fotoaparat, 5 ədəd oyun diskləri, 1 ədəd plata, 4 ədəd driver, 27 ədəd hard-disk, 2 ədəd “ştrix kod oxuyucu”, 13 ədəd ətir, 3 ədəd videokart, 13 ədəd RAM, 44 ədəd fleş-kart, 2 ədəd proyektor, 4 ədəd qol saatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.