İQTİSADİYYAT
“Elita mineral qrup” “WorldFood Azerbaijan 2017”də özünə tərəfdaş axtarır
Bakı, 18 may, AZƏRTAC
Rusiyanın “Elita mineral qrup” zavodu “WorldFood Azerbaijan 2017”də özünə digər ölkələrdən də tərəfdaş tapmaq niyyətindədir.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində zavodun təmsilçisi Svetlana Skorik deyib.
“Elita mineral qrup” zavodu Rusiyanın Mineralnıye Vodı şəhərində yerləşir. Zavodun Azərbaycanda distribüteri “Terminal Group” MMC-dir.
S.Skorik bildirib ki, zavodun əsas məhsulları Yessentuki 2, 4 və 17 nömrəli qazlı və qazsız sulardır. Bundan başqa, müxtəlif çeşidli limonadlar da istehsal olunur. Bunlar arasında tərxun, nar, giləmeyvə, limon üstünlük təşkil edir.
Həmçinin müəssisənin buraxdığı “Slavyanskaya”, “Smirnovskaya” və “Naqutskaya” suları mədə-bağırsaq üçün çox xeyirlidir. Təbii olmaqla insan orqanizminə müalicəvi təsir göstərir.
Svetlana Skorik onu da vurğulayıb ki, sərgi çox gözəl təşkil olunub və burada digər ölkələrdən də tərəfdaş tapmaq niyyətindədirlər.