REGİONLAR
Elm Festivalı çərçivəsində Şəki məktəbliləri və tələbələrlə görüş
Şəki, 4 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə keçirilən İkinci Azərbaycan Elm Festivalı çərçivəsində noyabrın 4-də AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov şəhər 10 saylı tam orta məktəbdə və Şəki Dövlət Regional Kollecində şagird və tələbələrlə görüşüb.
AZƏRTAC xəbər verir ki, 10 saylı məktəbdə təşkil edilən və müstəqil Şəki xanlığının yaradıcısı Hacı Çələbi xana həsr olunan “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” mövzusundakı tədbirdə məktəblilər qarşısında çıxış edən Yaqub Mahmudov görkəmli sərkərdənin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərindən söz açıb.
Tədbirdə, həmçinin Tarix İnstitutunun alimlərinin təqdim etdikləri “Şəki qədim sənətkarlıq məskənidir”, “Hacı Çələbi xanın Azərbaycan torpaqlarını birləşdirmək siyasəti”, “Şəki Azərbaycanın qədim mədəniyyət məskənidir”, “Şəki çar Rusiyasına qarşı milli azadlıq mübarizəsinin məskənlərindən biridir” mövzularında məruzələri dinlənilib.
Məktəblilərin Hacı Çələbi xana həsr etdikləri ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda şagirdlərə, həmçinin məktəb kitabxanasına AMEA Tarix İnstitutunun nəşri olan 200-dən çox kitab hədiyyə edilib.
Yaqub Mahmudov və AMEA Tarix İnstitutunun əməkdaşları daha sonra Şəki Dövlət Regional Kollecində tələbələrlə görüşüblər.
Kollecin tələbələrinin hazırladığı maraqlı konsert proqramından sonra Yaqub Mahmudov çıxış edib, tələbələrin suallarını cavablandırıb.
Tədbirin sonunda AMEA Tarix İnstitutu adından kollecin kitabxanasına Azərbaycan tarixinə aid kitablar hədiyyə olunub.