CƏMİYYƏT
Elm Günü ilə əlaqədar onlayn sərgi-konfrans keçiriləcək
Bakı, 18 mart, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən hər il ölkəmizdə martın 27-i Elm Günü kimi qeyd edilir.
Mövcud pandemiya şəraitini nəzərə alaraq, hələlik ölkəmizdə geniş tərkibli tədbirlərin keçirilməsi mümkün olmadığına görə, bu il də elmi müəssisə və təşkilatlarda Elm Günü ilə bağlı tədbirlər onlayn şəkildə keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Elm günü” ilə əlaqədar martın 30-u saat 11:00-da “Zoom” platforması üzərindən onlayn sərgi-konfrans keçiriləcək. Azərbaycanda seysmoloji və instrumental müşahidələrin aparılmasında son 100 ildə istifadə edilən cihaz və avadanlıqların sərgisi tədbirdə nümayiş etdiriləcək. Eləcə də zəlzələlər və onların tədqiqatına dair seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədlinin təqdimatı olacaq.
Tədbirdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli media nümayəndələrinin suallarını birbaşa cavablandıracaq.