ELM VƏ TƏHSİL


Elm Tarixi İnstitutu ilə Rusiyanın Tümen Dövlət Universiteti arasında müqavilə imzalanıb

Bakı, 29 iyun, AZƏRTAC

Rusiyanın Tümen Dövlət Universitetinin Ətraf Mühit və Sosial Tədqiqatlar Məktəbinin direktoru tarix üzrə fəlsəfə doktoru Aleksandr Sorokin AMEA-nın Elm Tarixi İnstitutunda olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Elm Tarixi İnstitutu və Tümen Dövlət Universiteti arasında 2022-2027-ci illəri əhatə edən əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə çərçivəsində iki elmi müəssisə arasında tarix, antropologiya, texnologiya, sosiologiya, ekologiya, humanitar və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi, layihə və proqramların həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin tərəflər arasında elmi-praktik tədbirlərin, konfransların, seminarların, dəyirmi masaların təşkili və keçirilməsi məsələləri də əks olunub.

Görüşdə Tümen Dövlət Universitetinin profili, fəaliyyəti, tədqiqat istiqamətləri, görülmüş işlər haqqında danışan Aleksandr Sorokin, eyni zamanda, təmsil etdiyi elmi müəssisənin Elm Tarixi İnstitutu ilə əməkdaşlıq imkanları barədə də fikirlərini ifadə edib.

Elm Tarixi İnstitutunun baş direktoru professor Məryəm Seyidbəyli rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, elmi tədqiqatları, beynəlxalq əlaqələri və bu səpkidə gerçəkləşdirdiyi layihələrdən danışıb. Elm Tarixi İnstitutunun beynəlxalq əlaqələr istiqamətində uğurlu təcrübəyə malik olduğunu bildirən M.Seyidbəyli elmi müəssisələr arasında arzu olunan əməkdaşlığın ölkələrarası elmi-mədəni əlaqələrin inkişafına töhfə verə biləcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.