QAN YADDAŞI
Elm Tarixi İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 20 Yanvarın Azərbaycanın tarixində təkcə faciə deyil, xalqımızın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu söyləyib. Qeyd edilib ki, bu, uzun illər keçmiş Sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Nəzərə çatdırılıb ki, 20 Yanvar hadisələrinə ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə hüquqi-siyasi qiymət verilib. Ulu Öndər 20 Yanvar şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin bu siyasətini davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə daim diqqət və qayğı ilə yanaşır.
Çıxış edənlər 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.