ELM VƏ TƏHSİL
“Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi üzrə 9 qalib layihə müəyyənləşdirilib
Bakı, 22 yanvar, AZƏRTAC
“Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Elmin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, qrant müsabiqə üzrə 9 qalib layihə müəyyənləşdirilib. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. 5 layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 2 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə və 1 layihə biologiya, tibb və aqrar elmləri üzrə qalib olub. Qalib layihə rəhbərlərindən 1-i qadındır. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli və 300 min manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub. Qalib layihələr bu ildən başlayaraq maliyyələşdiriləcək.
Müsabiqə üzrə qalib layihələr AMEA-nın Radiasiya Problemləri, Biofizika, Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, Torpaqşünaslıq və Aqrokimya, Neft-Kimya Prosesləri institutlarında, Mərkəzi Nəbatat Bağında, Bakı Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Xəzər Universitetində, Azərbaycan Tibb Universitetində, Milli Aviasiya Akademiyasında, Milli Onkologiya Mərkəzində, Bakı Ali Neft Məktəbində, Baytarlıq Elmi -Tədqiqat İnstitutunda və Respublika Baytarlıq Laboratoriyasında yerinə yetiriləcək.
Qeyd edək ki, layihələr 2020-ci il avqustun 6-dan sentyabrın 18-dək qəbul olunub. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e- QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib.