ELM VƏ TƏHSİL
“Elm aylığı” çərçivəsində gənc maliyyəçilərlə diskussiya aparılıb
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin səmərəli təşkili, idarə olunması və inkişafını təmin etmək məqsədilə “Elm aylığı”nın keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına uyğun olaraq, maliyyə və maliyyə institutları kafedrası “Gənc maliyyəçilər” klubu ilə birgə “Milli iqtisadiyyatın sabit inkişafında maliyyə institutlarının rolu” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə kafedranın müdiri, professor Əvəz Ələkbərov UNEC-in tədqiqat universitetinə çevrilmək istiqamətində qarşısına qoyduğu hədəflərdən danışıb. Tələbələrlə elmi müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayan professor onların elmə marağının artırılması məqsədilə universitetdə beynəlxalq elmi müsabiqələrin keçirildiyini, konfransların təşkil olunduğunu bildirib.
Dəyirmi masada tələbələrə milli iqtisadiyyatın sabit inkişafında maliyyə institutlarının rolu barədə ətraflı məlumat verilib, kiçik və orta sahibkarlıq subyektlərində maliyyə savadlılığının artırılması və digər mövzularda fikir mübadiləsi aparılıb.
Sonda müzakirələrdə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.