ELM VƏ TƏHSİL
“Elm günü” ərəfəsində Botanika İnstitutunun alimləri məktəblilərlə görüşüb
Bakı, 15 mart, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunun əməkdaşları “Elm günü” ilə bağlı müxtəlif təhsil müəssisələrində tədbirlərdə iştirak edir, şagirdlərlə görüşürlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bitki ehtiyatları şöbəsinin böyük elmi işçisi, biologiya elmləri doktoru Lətafət Mustafayeva Bayıl qəsəbəsindəki 162 nömrəli məktəbdə “Azərbaycanda bitki ehtiyatları insan sağlamlığının keşiyində” mövzusunda konfransda, mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva isə Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə təşkil olunmuş seminarda “Yabanı aləmdə göbələklərin yeri: onları necə öyrənək?” mövzusunda məruzələrlə çıxış ediblər.
Hər iki təbirdə şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il aprelin 9-da Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək. Bu münasibətlə AMEA-nın elmi müəssisə və təşkilatlarında konfrans, seminar, mühazirə, dəyirmi masa, “açıq qapı” günləri və sərgilərin keçirilməsi, o cümlədən tələbə və şagirdlərin alimlərlə görüşləri planlaşdırılıb.