ELM VƏ TƏHSİL
“Elm günü”nə həsr olunmuş tədbirdə kosmosa səyahətlə bağlı sənədli film nümayiş etdiriləcək
Bakı, 13 fevral, AZƏRTAC
Ölkəmizdə “Elm günü”nün qeyd olunması ilə əlaqədar planlaşdırılan tədbirlər planı çərçivəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Bohm Planetariumun birgə təşkilatçılığı ilə fevralın 19-da “açıq qapı” günü keçiriləcək.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, həmin gün Bohm Planetariumda (Bakı, Neftçilər prospekti, Park Bulvar Ticarət Mərkəzi, 4-cü mərtəbə) astronomiya üzrə populyar mühazirələrin təşkili və kosmosa səyahətlə bağlı sənədli filmin nümayişi nəzərdə tutulur. Astronomiya elminə marağı olan hər kəs tədbirdə iştirak edə bilər.
Xatırladaq ki, dövlətimizin başçısı 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən hər il martın 27-nin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınıb.