ELM VƏ TƏHSİL


Elm, mədəniyyət sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığına dair memorandum imzalanacaq

Daşkənd, 23 noyabr, AZƏRTAC

Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında çoxtərəfli əməkdaşlığa dair memorandum imzalanacaq.

Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə bildirib.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Daşkənddəki Heydər Əliyev adına AMM arasında imzalanacaq çoxtərəfli memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə araşdırmaların aparılması, nəşr layihələrinin reallaşdırılması, elm, ədəbiyyat sahəsində mübadilə layihələri, habelə müxtəlif nəşrlərin mübadiləsinin həyata keçirilməsi və s. məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, memoranduma əsasən AMEA-nın Ədəbiyyat İnstitutu da bir sıra işləri həyata keçirəcək. Sənəddə institutun nəzdində Ə.Nəvai adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin yaradılması, Azərbaycanda yaşayıb yaratmış özbək ədəbiyyatının tanınmış nümayəndələrinin irsinin tədqiqi və digər məsələləri əksini tapıb.

Memorandumun bəndlərinə əsasən tərəflər arasında müstəqillik tarixində ilk dəfə doktorant mübadiləsi həyata keçiriləcək. Belə ki, gənc özbək tədqiqatçıları AMEA-nın Ədəbiyyat İnstitutunda, azərbaycanlı gənclər isə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin doktoranturasına qəbul olunmaq imkanı əldə edəcəklər.

Bundan başqa AMM-nin təşkilatçılığı ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulur.

Azərbaycanda özbək ədəbiyyatının tanınmış nümayəndələrinin əlyazmalarının, Özbəkistanda isə Azərbaycan ədəbiyyatına dair çoxlu sayda əlyazmaların saxlanılması səbəbindən imzalanacaq memorandumda həmin əlyazmaların müəyyənləşdirilməsi və gələcəkdə onların qanunvericiliyə uyğun, hər iki tərəfin razılığı ilə mübadiləsi məsələləri memorandumda əksini tapacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.