CƏMİYYƏT
“Elm” qəzetinin yeni nömrəsində...
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi, Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması, neftçi-alimin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi, Dilqəm Tağıyevin “Şöhrət”, Vaqif Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında müvafiq sərəncamları yer alıb.
Mətbu orqanın ikinci səhifəsində “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 93, 94 və 95-ci cildləri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində işıq üzü görmüş “İctimai və humanitar elmlərin, efir məkanının problemləri haqqında düşüncələr” kitabı haqqında ətraflı məlumat verilir.
Bundan əlavə, akademik Bahadır Tağıyevlə bağlı ölkə başçısının imzaladığı nekroloq və mərhum alimlə AMEA-da keçirilən vida mərasimi, eləcə də akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” kitabı və AMEA prezidentinin “Clarivate Analytics” agentliyinin nümayəndələri ilə görüşü barədə informasiyalarla qəzetin üçüncü səhifəsində tanış olmaq olar.
Qəzetin dörd-səkkizinci səhifələrində AMEA-nın dekabrın 28-də keçirilmiş ümumi yığıncağı, tədbirdə həqiqi və müxbir üzvlərin çıxışları, qəbul olunan qərarlar, Rəyasət Heyətinin, o cümlədən akademiyanın Nizamnamə komissiyasının yeni tərkibinin təsdiqlənməsi və AMEA-nın birinci vitse-prezidentləri vəzifəsinə keçirilən seçkilərə dair xəbərlər yer alıb.
Mətbu nəşrdə, həmçinin AMEA Rəyasət Heyətinin iclasları, akademik Ramiz Mehdiyevin Fransanın Strasburq Universitetinin və Yüksək Texnologiyalar Parkının alim və mütəxəssisləri ilə görüşləri, eləcə də akademiyada “Nəsimi ili”nin yekunlarına həsr olunan konfrans, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Moskvada çapdan çıxan “Ədəbiyyat, zaman və müasirlik” kitabı, AMEA-nın elmi müəssisə və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin illik hesabatı və s. məlumatlar oxucuya təqdim edilir.
İyirmi səhifədən ibarət qəzetdə rus dilində materiallar da əksini tapıb.
“Elm” qəzeti 1984-cü ildən etibarən nəşr olunur. Qəzetin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.