CƏMİYYƏT
Elm sahəsi üzrə beynəlxalq olimpiadaların qalibləri Milli Məclisdə
Dekabrın 8-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev beynəlxalq olimpiadaların qalibləri olan gənclərlə növbəti dəfə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, müxtəlif sahələr üzrə olimpiadaların qaliblərini Milli Məclisdə görməkdən şad olduğunu bildirən Milli Məclis sədrinin müavini gənclərə Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritetlərdən birinin də məhz yeniyetmələrin, gənclərin elmli, təhsilli, fiziki və mənəvi baxımdan sağlam, ölkəmizə layiqli vətəndaşlar kimi formalaşmaları ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, gənclər və elm sahəsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqət mərkəzindədir və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təhsil layihələri bu sahənin inkişafına misilsiz töhfələr verir. Adil Əliyev diqqətə çatdırıb ki, ölkəmizdə gənclər, elm və təhsil sahələrində həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar. Dövlətimizin başçısının bu sahələrə dair imzaladığı fərman və sərəncamların xüsusi əhəmiyyəti vurğulanıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərdən söz açan Milli Məclis sədrinin müavini bizim qalib ölkənin vətəndaşları olduğumuzu, qazanılmış tarixi Zəfərdən hər birimizin qürur duyduğunu bildirib. Qeyd edib ki, bu tarixi Zəfər hamımız kimi, gənclərdən də daha məsuliyyətli, daha vətənpərvər və daha savadlı olmağı tələb edir.
Görüşdə iştirak edən gənclər onlara göstərilən yüksək diqqət və qayğıya, habelə səmimi görüşə görə minnətdarlıqlarını bildirib, bundan sonra da yüksək səylə çalışacaqlarını diqqətə çatdırıblar.
Görüş gəncləri maraqlandıran mövzuların müzakirəsi ilə davam edib.
Daha sonra Milli Məclis sədrinin müavini gənclərlə bərabər parlamentin inzibati binasının foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Adil Əliyev gəncləri parlamentin foyesində yaradılmış “Zəfər Guşəsi” ilə də tanış edib.