ELM VƏ TƏHSİL
“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda II beynəlxalq konfrans təşkil olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Onlayn tədbiri açan AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli belə konfransların elmi əməkdaşlığın güclənməsinə xidmət etdiyini söyləyib. O bildirib ki, elmşünaslıq sahəsində tədqiqatların yeni olmasına baxmayaraq, institut artıq bu istiqamətdə nailiyyətlər əldə edib. Dünyanın bir sıra elmi mərkəzləri ilə uğurlu əlaqələr qurub, məhsuldar fəaliyyəti sayəsində ölkədə və beynəlxalq miqyasda tanınıb. ETİ-nin təşkil etdiyi beynəlxalq tədbirlər elmi əməkdaşlıqla yanaşı, xarici ölkə alimləri və elmi qurumları ilə əlaqələrini də gücləndirib. Müəssisədə elmlərin multidisiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədər olan tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər uğurla aparılıb. Bu istiqamətdə fərqli nəşr layihələri və tədbirlər həyata keçirilib.
Elm Tarixi İnstitutunun direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Azərbaycanda elm tarixinin və elmşünaslığın yeganə fundamental araşdırma mərkəzi olan ETİ-nin fəaliyyətini əks etdirən təqdimat edib. 2016-2021-ci illərdə institutun fəaliyyətinin bütün spektrləri üzrə təsəvvür yaradan təqdimatda Azərbaycanda elm tarixinin öyrənilməyə başlanılması və təşkilatlanması, müəssisənin yaranma zərurəti, profili, fəaliyyət istiqamətləri, strukturu, eləcə də əsas elmi nəticələri barədə statistik məlumatlar yer alıb. Qeyd olunub ki, bu müddət ərzində Elm Tarixi İnstitutu Rusiya, Çin, Ukrayna, Polşa və İtaliyada fəaliyyət göstərən qurumlarla fəal əlaqələr qurub, bir neçə xarici müəssisə ilə əməkdaşlıq barədə razılıq əldə edib, müqavilələr imzalayıb. İnstitutun təşkilatçılığı ilə beynəlxalq və respublika səviyyəli elmi konfrans və seminarlar, ümumilikdə müxtəlif mövzulara həsr edilən 100-dən çox tədbir təşkil olunub.
ETİ-nin şöbə müdirləri - tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin moderatorluğu ilə davam edən konfransda institutun əməkdaşlarının, eləcə də yerli və xarici elmi qurumları təmsil edən digər qonaqların elmin müxtəlif sahələrinə həsr olunmuş məruzələri dinlənilib. Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çin, Meksika, Kuba olmaqla, ümumilikdə 10 ölkədən 100-ə yaxın yerli və xarici alim qatılıb. Konfransa təqdim edilən bütün məqalələr konfrans materialları şəklində nəşr ediləcək.
Xatırladaq ki, “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfrans 2018-ci ildə keçirilib.