ELM VƏ TƏHSİL
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti fəaliyyətini dayandırır
Bakı, 16 yanvar, AZƏRTAC
2016-cı il oktyabrın 11-də Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, göstərilənləri, habelə universitetin beş illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, nazirlik “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.
İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təklifləri hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.
Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda, köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək.
Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək işçi qrupla əlaqə saxlanılması xahiş olunur.