ELM VƏ TƏHSİL
Elm və təhsil sahəsində əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynayır
Bakı,18 sentyabr, AZƏRTAC
Polşanın Krınisa-Zdruy şəhərində “Şərq tərəfdaşlığı” ölkələrinin iştirakı ilə XVII iqtisadi forum keçirilib. 60-dan çox ölkənin nümayəndələrinin təmsil olunduğu forumda dünyada baş verən mövcud iqtisadi durum barədə müzakirələr aparılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elm şöbəsinin müdiri, professor Zahid Məmmədov forumda “Azərbaycanda “Şərq tərəfdaşlığı” proqramı: Uğurlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, iştirakçıların marağına səbəb olun məruzədə professor Z.Məmmədov Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin yeni mərhələdə uğurla inkişaf etməsindən danışıb, “Şərq tərəfdaşlığı”na daxil edilən ölkələr arasında Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında əsas rol oynayan ölkə olduğunu qeyd edib.
Professor çıxışında elm və təhsil sahəsində, o cümlədən ali təhsil müəssisələri ilə alimlər arasında qurulan əməkdaşlığın, ölkələrarası əlaqələrin inkişafına mühüm təsir göstərən məqamlardan olduğunu da xüsusi vurğulayıb. UNEC-də bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdıran professor universitetin beynəlxalq əlaqələrindən, dünyanın aparıcı ali məktəbləri ilə aparılan ikili diplom proqramlarından, müəllim-tələbə mübadiləsindən danışıb. Z.Məmmədov UNEC-də mütəmadi olaraq dünyanın tanınmış iqtisadçı alimlərini bir araya gətirən beynəlxalq elmi konfransların keçirildiyini diqqətə çatdırıb.