REGİONLAR


Elm və təhsilin inkişafı Ulu Öndərin önəm verdiyi prioritet istiqamətlərdən biri olub

Şəki, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı, bu sahədə çalışan insanlara diqqət və qayğı göstərilməsi ümummilli lider Heydər Əliyevin önəm verdiyi prioritet istiqamətlərdən biri olub. Təhsili millətin gələcəyi adlandıran Ulu Öndər ölkəmizdə təhsil islahatlarının aparılmasını ciddi vəzifə kimi qarşıya qoymaqla 1999-cu il iyunun 15-də “Azərbaycanın təhsil sahəsində islahat Proqramı”nı təsdiq edib. Heydər Əliyev təhsil sahəsində islahatyönümlü tədbirlərin Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası ilə birgə həyata keçirilməsinin təşəbbüskarı olub və beləliklə də ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyası yolu ilə inkişafına möhkəm zəmin yaradıb.

Bu fikirləri AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Təhsilin maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisi və hər bir ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayan Yusif Şükürlü bildirib ki, Heydər Əliyev hələ SSRİ dövründə, yəni ötən əsrin 70-80-ci illərində Azərbaycan Respublikasına rəhbərlik edərkən təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb, ciddi islahatlar həyata keçirib. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək, 765-dən 2117-yə çatdırılıb. Bu da yüzlərlə ucqar yaşayış məntəqəsində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.

Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açıldığını və ali məktəblərdə təhsil alanların sayının 70 mindən 100 minə qədər artdığını diqqətə çatdıran Yusif Şükürlü deyib: “Dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışıb və onun təşəbbüsü, birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Onlardan biri də mən olmuşam”.

Ulu Öndərin müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymadığını, müvafiq sahənin problemlərinə kompleks şəkildə yanaşdığını vurğulayan regional elmi mərkəzin direktoru deyib: “Heydər Əliyev təhsil strategiyasının həyata keçirilməsi məqsədilə mühüm fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin 2002-ci il oktyabrın 4-də imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncam milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biridir. Bu Sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı da ölkədə təhsil sahəsində müstəsna əhəmiyyətə malik dövlət sənədidir”.

Yusif Şükürlü müsahibəsində ulu öndər Heydər Əliyevin elm və təhsil sahəsində islahatlarının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanı ilə qüvvəyə minən “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyənləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.